Prezident TƏSDİQLƏDİ

15:13 15.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak ödənişli olacaq.

Hafta.az xəbər verir ki, Prezident bununla bağlı müvafiq Fərmanı imzalayıb. 

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçiriləcək.

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər istisna olmaqla) ödənişli olacaq.

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

“Ümumi təhsil haqqında” Qanuna əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən tənzimlənir. Həmin Qaydalara uyğun olaraq müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir.

Müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə sözügedən müsabiqədə iştirakın ödənişli olacaq.

Ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.